Naxçıvanı qoruyan rəmzlərin sirrini, fəlsəfəsini, mahiyyətini bircə-bircə açmaq üçün çıxdığımız böyük yolda bəzən ləngiməyimiz təbiidir. Əslində, bu yazıları yazmağa başlayanda da bir qədər düşünmüşdük. Çıxdığımız yolun nə qədər çətin və məsuliyyətli olduğunun fərqində idik. Gəmiqayadan dünyaya bəşəri yayan bu torpaqlar Möminə Xatının simasında türbə üzərindəki “ey insan” müraciətli yazılarla dünyaya yayılmış insanları xoş üzlə qarşıladı. Yadımdadır, universitet illərində “Toponimika” fənnini bizə tədris edən professor yaxın ərazilərin adlarını izah edərkən belə demişdi: “Azərbaycan ərazisində yayılan toponimlərin əksəriyyəti əkslik təşkil edir. Məsələn, bir ərazidə hər hansı bir toponim “isti su” mənasını verirsə, əmin olun ki, yaxınlıqda “soyuq su” mənasını verən hansısa toponim də vardır. Ya da hər hansı bir kənd adında “aşağı” sifəti varsa, yaxınlıqda bunun əksini ifadə edə bilən “yuxarı” sifəti ilə ifadə olunmuş daha bir toponim olacaqdır”.
Məsələn, Babək rayonu ərazisində yerləşən Sirab və Qahab kəndləri kimi. “Sirab” “suyu bol olan” mənasını verirsə, “Qahab” “suyu az olan” deməkdir.
Yuxarıdakı məntiqdən çıxış etsək, bu yurda, bu torpaqlara gələn xoşniyyətli insanları xoş üzlə “ya sin” (ey insan) deyərək qarşılayan Möminə Xatın türbəsi vardırsa, bu yurda bəd niyyətlə gələn, onu əsarətdə saxlamaq istəyən insanları sərt qarşılayan bir rəmz də olmalı idi. Yurdun çətin günündə bu xalqın üz tutduğu, sığındığı, varını və varlığını qoruduğu bir məkan, yadelliyə, düşmənə yurdumdan “əlini çək” dediyi bir məkan – Əlincə. Xalq etimologiyasında adının izahı “əlini çək”, bəzi tədqiqatçılara görə “Alancik” (“boş sahə”) mənasını verən Əlincə qalasının tikilmə tarixini bəzən 2 min il bundan əvvələ aid edirlər. “Kitabi-Dədə Qorqud”da möhkəm istehkam kimi təsvir olunan Əlincə qalası haqqında orta əsr tarixçilərindən Nəsəvi, Şərafəddin Əli Yəzdi, türk səyyahı Övliya Çələbi də məlumat verir.
Naxçıvan Muxtar Respublikası ərazisində indiyədək qalan epiqrafik abidələr – kitabələr orta əsrlər zamanı bölgədə yaşayan görkəmli şəxsiyyətlər, onların yaşadıqları dövrdə tutduğu mövqe haqqında çox əhəmiyyətli faktlar təqdim edirlər. Belə şəxsiyyətlərdən biri də Əmir Seyyid Əhməd Oğulşamidir. Əmir Seyyid Əhməd Oğulşaminin adına Azərbaycanın epiqrafik abidələri sırasında yeganə olaraq Culfa rayonunun Хаnəgah kəndinin qərb tərəfində, Əlincəqаlаnın ətəyində yerləşən türbənin içərisində saxlanan dörd sətirdə ərəb dilində həkk еdilmiş kitаbədə rast gəlinir.
Kitabədə qeyd olunur ki, “bu şərəfli qübbənin (günbəzin, türbənin) binа оlunmаsınа mərhum, хoşbəхt şəhid, Əmir Sеyyid Əhməd Оğulşаminin оğlu, sаhib əl-əzəm Hаcı Məhəmmədin vəfаt еtmiş оğlu Əmirхаn üçün ən böyük sultаn, Sultаn Cаhаnşаh Bаhаdır хаn zаmаnındа – Аllаh оnun hökmrаnlığını əbədiləşdirsin – əmr еtmişdir. Və аdıçəkilən bаni (yəni Hacı Məhəmməd) dəvət еdən məqbərəyə … əkilmiş yеr… bu dəfn yеri оlаn günbəzə ildə … vəqf еtmişdir”.
Kitаbənin tаriх yаzılmış hissəsi sınıb itdiyi üçün оnun nə vахt yаzıldığını və аbidənin inşа tаriхini dəqiq təyin еtmək mümkün оlmаmışdır. Аncаq mətndə əks оlunаn fаktlаrа əsаsən, оnun dövrünü təхmini də оlsа müəyyənləşdirmək mümkün оlmuşdur. Kitаbədən аydın оlur ki, günbəz “ən böyük sultаn, Sultаn Cаhаnşаh Bаhаdır хаn zаmаnındа” inşа еdilmişdir. Məlumdur ki, Qаrаqоyunlu hökmdаrı, “Həqiqi” təхəllüsü ilə şеirlər yаzаn Cаhаnşаh 1435-1467-ci illərdə hаkimiyyətdə оlmuşdur. Dеməli, günbəz оnun hаkimiyyəti zаmаnı, qеyd оlunаn zaman çərçivəsində inşа еdilmişdir.
Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi, qəhrəmanlıq dastanı, yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuş “Kitabi-Dədə Qorqud” dastanı ilk dəfə alman alimi Fridrix fon Dits tərəfindən elmi dövriyyəyə daxil edilmişdir.
Drezden Kral Kitabxanasında dastanla tanış olduqdan sonra o, “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə çevirmiş və 1815-ci ildə nəşr etdirmişdir. Bununla da, “Kitabi-Dədə Qorqud” dastanı elmi dövriyyəyə daxil edilmiş və tədqiqat obyektinə çevrilmişdir. Bu il həmin hadisənin 200 ili tamam olur. Ona görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 fevral 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.
Sərəncamdan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 25 iyul 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planını təsdiq etmişdir. Tədbirlər Planına əsasən, Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilir.
Dünya xalqlarının ən möhtəşəm şifahi xalq ədəbiyyatı nümunələri ilə bir sırada duran, yaranma tarixi haqqında müxtəlif fikirlər olan bu dastanla əlaqədar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 20 aprel 1997-ci ildə imzaladığı “Kitabi-Dədə Qorqud”un 1300 illiyi haqqında” Fərmandan sonra YUNESKO Beynəlxalq Mədəniyyət Təşkilatı 1998-ci ili “Dədə Qorqud ili” elan etmişdir. YUNESKO kimi nüfuzlu bir təşkilatın “Kitabi-Dədə Qorqud” dastanına belə yüksək önəm verməsi, onun 1300 illiyinin qəbul olunması beynəlxalq elmi ictimaiyyət tərəfindən dastanın ən azı 1300 il bundan əvvəl yaranması fikrinin qəbul olunması deməkdir.
Əlincəçayın sahilində sıldırım, yalçın qayaların zirvəsində qartalların yuva saldığı əzəmətli bir qala var. Xalqımızın azadlıq uğrunda mübarizəsinin, işğalçılara qarşı qanlı döyüşlərin şahidi olan, tarixin keşməkeşlərinə mətinliklə sinə gərən bu qala min illərdir, tarix ümmanında yol alanlara mayak olur. Bu qala Azərbaycan tarixinin ən səs-küylü, ən həlledici dönəmlərinin yadigarı olan Əlincədir.
Bir qalanın tarixçəsi...
Əlincəqalanın tikilmə tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan bəzi tədqiqatçılar qalanı, təqribən, 2 min il bundan əvvələ aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqala haqqında tarixçilərdən Nəsəvi (XIII əsr), Şərafəddin Əli Yəzdi (XV əsr), türk səyyahı Övliya Çələbi (XVII əsr) və başqaları məlumat veriblər.
Azərbaycan Atabəyləri – Eldəgizlərin hökmranlığı dövründə Əlincəqala mühüm hərbi istehkam olaraq hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacaq yerinə çevrilir. Əlincəqala XIII-XIV əsrlərdə Hülakülərin, XIV əsrin II yarısında Cəlairilərin idarəçiliyinə keçir. Zamanının məğlubedilməz hökmdarı Əmir Teymur bu qala uğrunda uzun zaman mübarizə aparır. Onun qoşunları 1386-cı ilin payızında Naxçıvana basqın edir.
Əlincə qalasına dəfələrlə hücumlar olsa da, qalanı fəth edə bilmirlər. 14 illik qəhrəmancasına mübarizədən sonra 1401-ci ildə Əlincə qalası Teymur qoşunları tərəfindən tutulur.