Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb
yaratdığını göstərir.

Heydər Əliyev

 

 

 

 

 

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin ekspozisiyası haqqında

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Ümummilli lider Heydər Əliyev Əlincəqala abidəsinin tarixi və mədəni əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 167-si muzeyin ekspozisiyasında sərgilənir.

Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasındadır. Qalanın adı çəkilən ən qədim qaynaqlardan biri “Kitabi-Dədə Qorqud” dastanıdır. Əlincəqalada təxminən 600-ə qədər döyüşçünün öz atı və hərbi sursatı ilə birlikdə yerləşməsi üçün şərait olmuşdur.

Əlincəqala orta əsrlərdə Azərbaycanda fəaliyyət göstərmiş dövlətlərin tarixində əvəzolunmaz rol oynamış, xarici düşmənlərə qarşı müdafiə istehkamı kimi istifadə olunmuşdur.

Muzeyin ekspozisiya zalında “Əlincəqala” tarixi abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, bərpa işlərinin gedişindən çəkilmiş fotoşəkillər nümayiş olunur.

Vitrinlərdə  “Naxçıvan tarixi” çoxcildliyi, Naxçıvan tarixinin və mədəniyyətinin öyrənilməsi sahəsində görülən işlərə böyük töhfə olan “Naxçıvan Abidələri Ensiklopediyası” və “Naxçıvan tarixi atlası” kitabları, həmçinin Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları nümayiş olunur.

Əlincəqalanın tarixi haqqında müxtəlif fikirlər mövcuddur. Tarixi qaynaqlara əsaslanan tədqiqatçılar qalanı I-VI əsrlərə aid edirlər. Qalanın xatırlandığı ən qədim mənbə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanda Əlincəqala möhkəm istehkam kimi təsvir olunur.

XIV əsrin 80-90-cı illərində Əlincəqalanın Azərbaycan xalqının Əmir Teymura qarşı mübarizəsinin əsas istinadgahına çevrilməsi və 14 il mərdliklə müdafiə olunması tariximizin şanlı səhifələrindən biridir.

Əlincəqala Cəlairilərin, Qaraqoyunluların, Ağqoyunluların, sonralar isə Səfəvilərin hakimiyyəti dövründə də öz möhtəşəmliyini qoruyub saxlamışdır.

Muzeydə nümayiş olunan saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin qədim dövrlərdən formalaşdığını göstərən nadir eksponatlar kimi böyük əhəmiyyətə malikdir. Burada nümayiş olunan  keramika məmulatları  IX-XV əsrlərə, çıraqlar isə IX-XIII əsrlərə aiddir.

Əlincəqalanın tarixinin öyrənilməsi baxımından arxeoloji qazıntılar zamanı aşkar olunmuş sikkələrin mühüm əhəmiyyəti vardır. Əlincəqalada aşkar olunan ən qədim sikkə VII əsrə aiddir. Sikkənin Daşkənd şəhərində kəsilməsi Əlincəqalanın Mərkəzi Asiya ölkələri ilə ticarət əlaqələrinin olduğunu təsdiq edir. Üzərində hökmdar obrazı zərb edilən, “draxma” adlanan bu tip sikkələr hələ I-IV əsrlərdə müasir Buxara şəhəri və ətrafında zərb edilərək dövriyyəyə buraxılmışdır. Araşdırmalar göstərir ki, “Turan sikkələri” adlanan qrupa aid belə sikkələr eramızın I əsrindən etibarən Böyük İpək Yolunun təsiri ilə əlaqədar olaraq zərbetmə üsulu ilə hazırlanmış, müxtəlif dövlətlərlə ticarət münasibətlərində və əmtəə-pul münasibətlərinin inkişafında tədavül vasitəsi kimi istifadədə olmuşdur.

Azərbaycan Atabəyləri – Eldənizlərin hökmranlığı dövründə Əlincəqalanın əhəmiyyəti xüsusilə artmış, mühüm hərbi istehkam olan qala hökmdar ailəsinin təhlükəsizliyini təmin etmək üçün sığınacağa çevrilmişdir. Məhz Naxçıvan hakimi Zahidə Xatının iqamətgahı Əlincəqalada yerləşmişdir.

Naxçıvan Muxtar Respublikası ərazisindən aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin bir hissəsini soyuq silahların müxtəlif tipoloji növləri təşkil edir. Ekspozisiyada  orta əsrlərə aid xəncər nümayiş etdirilir. Ümumiyyətlə, qılınc kimi xəncər də qında gəzdirilirdi. Bunun üçün qının yuxarı hissəsinə metaldan hazırlanmış xüsusi “bənd” əlavə edilirdi. Qılınc və xəncərin hazırlanmasında polad qarışıq dəmirdən istifadə olunurdu. Əlbəyaxa döyüşdə ən dəyərli və həlledici silah növləri olan bu silahlar istidöymə və tökmə-qəlib üsulu ilə hazırlanırdı.

Muzeyin ekspozisiyasında gümüş kəmər nümunələri də nümayiş olunur ki, bunlar muzeyin ən qiymətli eksponatları sırasındadır. Gümüş kəmər orta əsrlərdə ənənəvi kişi və qadın geyim komplektini tamamlayan əsas dekorativ bəzək əşyası hesab olunurdu.

Muzeydə nümayiş olunan müxtəlif corab, araqçın və digər toxuculuq nümunələri, alət və ləvazimatları dəyərli maddi-mədəniyyət nümunələri kimi diqqətə layiqdir. Bu eksponatlar XIX-XX əsrlərə aiddir. Həmçinin, muzeydə məcmeyi, müxtəlif ölçülü mis qablar nümayiş etdirilir.

Əlincəqalanın bərpası ilə əlaqədar qəbul edilmiş Sərəncamdakı fikirlər bu tarixi abidənin bərpasının əhəmiyyətini bir daha sübut edir: “Hər bir yerin qədimiliyi, tarixi, mədəniyyəti onun abidələrində yaşayır. Əlincəqala tarixi abidəsində Azərbaycan tarixinin şanlı səhifələri yazılmışdır. Bu qala Naxçıvanın əyilməzlik simvoludur. Ona görə də Əlincəqalada bərpa işlərinin aparılması xalqımızın çoxəsrlik mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

 

 

00295829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
101
55
320
1342
295829

Tarix: 16-05-2024